DÜNYA
Madriddə miqrantların hüquqlarını müdafiə məqsədilə kütləvi aksiya keçirilib VİDEO
Madrid, 22 sentyabr (AZƏRTAC). Madridin mərkəzi küçələrində 50-dək təşkilatı təmsil edən minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları 2012-ci ildə qəbul olunmuş və 700 minədək insanı tibbi yardım almaq hüququndan məhrum edən qanunun ləğv olunmasını tələb ediblər.
Qeyd edək ki, bu qanun əsasən, İspaniyada yaşayan qanunsuz miqrantlara şamil olunur.
Aksiya iştirakçıları bu qanunun yalnız miqrantlar üçün deyil, bütün İspaniya vətəndaşları üçün təhlükəli olduğunu bildiriblər. Onların fikrincə hər hansı yolxucu xəstəlik yayılsa bu bütün cəmiyyəti iflic edəcək.
Sayca 23-cü olan etiraz aksiyası həmin qanunun qəbul olunmasından bəri hər ayın 3-cü bazar günü keçirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid, İspaniya