DÜNYA
Madridin əsas hava limanı Adolfo Suaresin adını daşıyacaqdır
Madrid, 28 mart (AZƏRTAC). İspaniyanın İnkişaf Nazirliyi baş nazir Mariano Raxoyun təklifi ilə Madridin Baraxas hava limanının adının bu günlərdə dünyasını dəyişmiş prezident Adolfo Suaresin şərəfinə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Sabiq dövlət başçısı Adolfo Suaresin İspaniyada demokratik cəmiyyətin qurulmasında müstəsna xidmətləri olmuşdur. O, İspaniyanın ilk demokratik seçilmiş prezidenti və ölkənin ilk konstitusiyasının banisidir. Bunları nəzərə alaraq hökumət Adolfo Suaresin xatirəsini əbədiləşdirərək ona öz ehtiramını ifadə edir. Madrid şəhərinin meri Ana Botella demişdir ki, Baraxas hava limanı şəhərin əsas beynəlxalq qapısıdır və Madrid bu dəyişiklikdən qürur duyur.
Bu, İspaniyada şəxs ad daşıyan ikinci hava limanı olacaqdır. Belə ki, 2006-cı ildən bəri Qranada-Haen hava limanı şair Federiko Qarsia Lorkanın adını daşıyır. Malaqadakı hava limanına Pikasso, Tenerifedəki aeroporta isə Kraliça Sofiya hava limanı deyilsə də bu adlar rəsmi deyildir.
Xatırladaq ki, bu gün dünyanın bir çox şəhərlərində, hava limanları böyük siyasi xadimlərin adlarını daşıyır. Nyu-Yorkda Con Kennedi, Parisdə Şarl de Qoll, İstanbulda Atatürk, Nyu-Dehlidə İndira Qandi, Bakıda Heydər Əliyevin adını daşıyan hava limanları fəaliyyət göstərir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid