İDMAN
Makedoniyalı futbolçu Albaniyada baş verən zəlzələ ilə əlaqədar forma geyindiyi klubu tərk edib
Belqrad, 25 dekabr, AZƏRTAC
Şimali makedoniyalı futbolçu Tom Kitanovski Albaniyada baş verən zəlzələdən sonra bu ölkə çempionatında forma geyindiyi klubu tərk etməyi qərara alıb.
AZƏRTAC Serbiya mətbuatına istinadla xəbər verir ki, əvvəllər Bakının “Səbail” klubunda da çıxış etmiş, hazırda “Kukes” klubunun şərəfini qoruyan futbolçu onda zəlzələ fobiyasının olması ilə əlaqədar belə qərara gəldiyini açıqlayıb.
Tom Kitanovski “Kukes” klubu ilə bu ilin yayında müqavilə imzalamışdı. İndiyədək bu komandada 13 oyun keçirən idmançı zəlzələdən sonra Makedoniyaya qayıtmışdı. Hamı onun qayıdacağını gözləsə də, futbolçu zəlzələdən çox qorxduğunu və geri dönməyəcəyini açıqlayıb. T.Kitanovski klubdan heç bir maddi təzminat almayacağını bildirərək müqaviləsinə xitam verilməsini xahiş edib.
Futbolçunun Şimali Makedoniyanın “Bitola” klubunda çıxış edəcəyi bildirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad