DÜNYA
Malayziyaya məxsus “Boeing 777-200” təyyarəsini Çinin 21 süni peyki axtarır
Kuala-Lumpur, 27 mart (AZƏRTAC). Çin hökuməti Malayziyaya məxsus itmiş “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışlarına 21 süni peyk və ondan çox gəmi qoşmuşdur. Axtarış əməliyyatları zamanı Çinə məxsus təyyarələr onlarla uçuş etmişlər.
Bu barədə bəyanatla martın 27-də Kuala-Lumpurda Çin Xalq Respublikası xarici işlər nazirinin müavini, Çinin itkin təyyarə ilə bağlı məsələnin həlli üzrə xüsusi nümayəndəsi Çjan Yesuy çıxış etmişdir.
Ç.Yesuy demişdir: “Biz laynerin axtarışları ilə bağlı işləri genişləndirəcəyik. Çin rəhbərliyi itmiş təyyarənin sərnişinlərinin taleyi üçün narahatdır”.
İtmiş təyyarədəki sərnişinlərin qohumları ilə görüşən Ç.Yesuy onları əmin etmişdir ki, Çin laynerin tapılması üçün Malayziya da daxil olmaqla beynəlxalq qüvvələrlə birlikdə mümkün olan hər şeyi edəcəkdir.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxmışdır. Lakin sonradan süni peyklərdən alınmış məlumatların təhlili göstərmişdir ki, təyyarə kəskin dönüş edərək Hind Okeanına istiqamət götürmüş və burada qəzaya uğrayaraq batmışdır. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü omuşdur. Sərnişinlərin əksəriyyəti (153 nəfər) Çin vətəndaşları olmuşlar. Təyyarə Malayziya paytaxtından qalxdıqdan iki saat sonra onunla əlaqə kəsilmişdir.
Bu həftə çinli sərnişinlərin qohumları Pekində Malayziya səfirliyi qarşısında mitinqə çıxaraq axtarışlar zamanı əldə edilmiş əsaslı faktların təqdim edilmədiyinə görə etirazlarını bildirmişlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur