Malinovkada Azərbaycan toyu
Kiyev, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Xarkov vilayətinin Çuquyev rayonunun Malinovka qəsəbəsində “Malinovkada toy” qədim və müasir toy mərasimi festivalı keçirilmişdir.
Festivalın əsas məqsədi Ukraynanın qədim və müasir toy ənənələrini, o cümlədən Xarkovun milli-mədəni birliklərinin nümayəndələrinin milli toy mərasimlərini təqdim etməklə xalq folklor janrını mədəniyyətin nadir təzahürü kimi populyarlaşdırmaq və təbliğ etməkdir.
Festivalın təşkilatçıları Çuquyev Rayon Dövlət Administrasiyası, Çuquyev Rayon Şurasıdır.
Festivalda ukraynalı 8 təzə bəy gəlinlə yanaşı, “Dostluq” Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin Xarkov vilayət bölməsinin üzvləri olan Emil Bədəlov və Kamilə Məmmədova cütlüyünün iştirak etməsi ona xüsusi rövnəq qatmışdır.
Azərbaycanın milli rəmzləri, toy mərasiminin atributları ilə bəzədilmiş toy mağarları, Azərbaycan milli mətbəxinin təamları düzülmüş toy süfrəsi, “Azərbaycan inciləri” rəqs kollektivinin çıxışı təkcə Xarkov Vilayət Dövlət Administrasiyasının başçısı Mixail Dobkini, Varkov Vilayət Şurasının sədri Sergey Çernovu, Ukrayna Ali Radasının deputatlarını deyil, festivalın bütün iştirakçılarını və qonaqlarını riqqətə gətirmişdir.
Azərbaycan-Ukrayna “Dostluq” Cəmiyyətinin Xarkov vilayət bölməsinin festivalda iştirakının təşkilatçısı cəmiyyətin idarə heyəti, sponsoru Ukrayna-Azərbaycan Biznes-Şurasının vitse-prezidenti Şahin Ömərovun şəxsində şura olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev