İQTİSADİYYAT
Maliyyə naziri Samir Şərifov beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşüb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiya ilə görüş keçirib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə neft qiymətlərinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlar, habelə BVF və digər qurumlar tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb.
Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.