ELM VƏ TƏHSİL
Mart soyqırımı zamanı minlərlə soydaşımız qəddarlıqla öldürülüb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) azərbaycanlılara qarşı erməni soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.
ATMU-nun rektoru İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törədilən qətliam və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, qanla yazılan tarixin zaman-zaman təkrarlandığını diqqətə çatdırıb. O qeyd edib ki, 31 mart tarixi iki dəfə - 1919-cu və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olundu.
ATMU-nun İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı və kafedranın müəllimi Cəfər Xanəliyev günün mövzusu ilə bağlı çıxışlarında qeyd ediblər ki, ötən əsrin əvvəllərində imperialist dairələrin birbaşa dəstəyi, təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və sair bölgələrdə ağlagəlməz qətliamlar törədilib, minlərlə soydaşımız qəddarlıqla öldürülüb.