SİYASƏT
Marzuki Alie: İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalacaqdır
Bakı, 30 dekabr (AZƏRTAC). Dekabrın 30-da Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Alie ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Tamerlan Qarayev Marzuki Alieyə son çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına dair İndoneziya parlamentinin rəsmi mövqeyini bildirdiyi üçün minnətdarlığını ifadə etmişdir.
Marzuki Alie İndoneziya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür etmişdir. O, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin hər zaman sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında həllinin tərəfdarı olacağını bildirmişdir. Sədr İndoneziyanın Xocalı soyqırımına dərin kədərlə yanaşdığını və bu faciənin törədilməsini qətiyyətlə pislədiyini qeyd etmişdir. M.Alie rəsmi Cakartanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz qalacağını əlavə etmişdir. Sədr Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər İndoneziya parlamentinin Nümayəndələr Palatasının Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcəyini bir daha bəyan etmişdir.
T.Qarayev İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi prinsipial mövqenin digər dövlətlər üçün də nümunə olduğunu demişdir.