İQTİSADİYYAT
Masallıda 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir
Masallı, 31 oktyabr (AZƏRTAC). Masallı Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2011-ci ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılmışdır.
Rayon üzrə məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artaraq 228 milyon manat olmuşdur. Ümumi məhsulun tərkibində sənaye məhsullarının həcmi 9,7 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 24,5 faiz, ticarət dövriyyəsinin həcmi 41,2 faiz, nəqliyyat, rabitə və digər xidmət sahələri 24,6 faiz təşkil etmişdir.
Doqquz ayda sənaye məhsullarının həcmi ötən il ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 3,7 faiz, nəqliyyat sektorunda göstərilən xidmətlərin səviyyəsi 10,8 faiz, tikintiyə yönəldilən investisiyalar 5 faiz artmışdır.
Bu dövrdə adambaşına düşən pul gəlirləri 56,8 faiz artaraq 1781,5 manata, orta aylıq əməkhaqqı 14,4 faiz artaraq 230 manata çatmışdır.
Rayonda 1234 yeni iş yeri açılmışdır ki, bunun da 683-ü daimi iş yeridir. Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış 415 nəfər işaxtarandan 301 nəfəri münasib işlə təmin edilmişdir.
Cari ildə 10 min 945 hektar sahədən 31 min 326 ton taxıl toplanmışdır. Taxıl sahələrində orta məhsuldarlıq 28,6 sentner olmuşdur.
Dövlət Proqramına müvafiq olaraq Təhsil Nazirliyinin sifarişi ilə Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 yerlik əsas məktəb binalarının tikintisi və Uşaq Gənclər Şahmat Məktəbinin əsaslı təmiri başa çatdırılmışdır. Hazırda rayonda daha 6 məktəb binasının tikintisinə, Gəyəçöl kənd uşaq bağçasının isə əsaslı təmirinə başlanılmışdır. Rayon mədəniyyət evinin əsaslı təmiri, rayon gənclər evinin tikintisi davam etdirilir.
Azərbaycan Prezidentinin 2011-ci il 30 iyul tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 34 yaşayış məntəqəsini birləşdirən 20 kilometr uzunluğunda olan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda əsaslı təmir işlərinə başlanılmışdır.
Masallı şəhərinin şəhərdaxili yollarına 3,6 kilometr, kəndarası və qəsəbədaxili yollara isə 2,7 kilometr asfalt örtük döşənmişdir.
Təzəkənd, Şıxlar və Kubin kəndlərində tibb məntəqələri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir.
Müşavirədə çıxış edənlər bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, qarşıda duran vəzifələrin həlli ilə bağlı təkliflərini bildirmişlər.