REGİONLAR
Masallıda şagirdlər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər
Masallı, 10 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Banbaşı kənd tam orta məktəbində “Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Elşən Talıbov və başqaları əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildiriblər. Narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə ətraflı məlumatlar verilib, ölkəmizdə, o cümlədən Masallı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışılıb.
Çıxışlarda, həmçinin erkən nikah, dini radikalizm və ekstremizmin cəmiyyətimizə, narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan söz açılıb, erkən nikahların dövrümüzün böyük problemlərdən olduğu, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.