İQTİSADİYYAT
“McDonalds” restoranlar şəbəkəsində “Visa Pay Ware” kontaktsız ödənişlərin qəbuluna başlanılıb
AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən “PaşaBank”ın Dayrekt bankinq departamentinin direktoru Leyla Məmmədova layihənin tərəfdaşı olan bankın bütün restoranlar şəbəkəsini “Vİsa pay Way” kontaktsız ödənişlərin qəbuluna imkan verən yeni terminallarla təmin etdiyini bildirdi. Qeyd edildi ki, “Vİsa pay Way”kontaktsız kartların köməyi ilə müştərilər PİN-kodu daxil etmədən və ya qəbzdə imza atmadan bir toxunuşla ödəniş edə bilərlər. Bu cür ödəniş üsulu daha çox müştəri axınına yol açır və nisbətən kiçik satış-xidmət müəssisələri üçün aktualdır.
Vİsa-nın Qafqaz regionu ölkələrində biznesin inkişafı üzrə regional meneceri İrina Kamxadze dedi: “Son illər ərzində biz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin sürətli inkişafının şahidiyik və bu baxımdan bank sektoru da istisna təşkil etmir. Elektron ödənişlər bu inkişafın əsas amillərindən biridir. “Vİsa pay Way” sürətli, rahat və təhlükəsiz kontaktsız ödənişlərin Vİsa-nın qlobal tərəfdaşlarından olan “McDonalds” şirkətinin restoranlar şəbəkəsində başlanması ölkədə nağdsız ödənişlərin inkişafında yeni mərhələ olacaq”.
“McDonalds” Azərbaycan ASC-nin meneceri Anar Bayramov bildirdi ki, Azərbaycan bazarında artıq 15 ildir fəaliyyət göstərən şirkət mütəmadi olaraq yeni texnologiyalar tətbiq edir. “Vİsa pay Way” kontaktsız texnologiya müştəriləri daha rahat ödəniş sistemi ilə təmin etməyə imkan yaradacaq. Yeni quraşdırılmış avadanlıq sayəsində həm maqnit zolaqlı və ya çipli ənənəvi kartlar, həm də “Vİsa pay Way” kontaktsız kartı ilə və kontaktsız ödənişləri dəstəkləyən mobil telefonlarla ödəniş etmək mümkün olacaq.