MƏDƏNİYYƏT
MDB-nin “Birliyin ulduzları” baş humanitar mükafatı Minskdə təqdim ediləcək
Minsk, 7 iyun, AZƏRTAC
İyunun 11-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında MDB-nin “Birliyin ulduzları” baş humanitar mükafatı təqdim ediləcək.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu məlumatı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidməti yayıb. Məlumatda bildirilir: “Mükafat ənənəvi olaraq Rusiyada təqdim edilib. Bu il ilk dəfə Belarusun paytaxtında mükafatlandırma mərasiminə adlı-sanlı adamlar toplaşacaq. Minskdə onları mədəniyyət və təhsil müəssisələrində görüşlər, Böyük Opera və Balet Teatrında premyera gözləyir”.
Builki mükafatın laureatları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, belaruslu bioloqlar Vladimir Reşetnikov, Vladimir Titok və Yelena Spiridoviç, qırğız bəstəkarı Muratbek Beqaliyev, moldovalı yazıçısı İon Drutse, rusiyalı artist Yuri Solomin, tacik rəssamı Vafo Nazarov və başqalarıdır.
“Birliyin ulduzları” mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Fondu və DHƏF tərəfindən təsis edilib. Bu mükafat hər il MDB dövlətləri nümayəndələrinə dünya miqyaslı nailiyyətlərə və MDB-nin hər bir dövlətinin, eləcə də Birliyin bütövlükdə inkişafına kömək edən humanitar fəaliyyət sahəsindəki uğurlara görə verilir.
Mükafatın təqdim edilməsi ərəfəsində, yəni iyunun 10-da adlı-sanlı qonaqlar belarusiyalı “Birliyin ulduzları” laureatlarının “Qələbə yasəməni” layihəsi çərçivəsində təşkil etdiyi aksiyada iştirak edəcəklər. Aksiyanın mahiyyəti Mərkəzi Nəbatat Bağında “Partizan talası”na yasəmən tingləri əkməkdən ibarətdir. Beləliklə, mükafatın budəfəki laureatları belaruslu seleksiyaçılar tərəfindən hazırlanmış vətənpərvərlik layihəsinə qoşulacaqlar.
Xatırladaq ki, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-də ildə yaradılıb. Azərbaycan bu quruma 2008-ci ildə qoşulub. Təşkilatın idarə heyətinin sədri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk