CƏMİYYƏT
Məcburi köçkün gənclərin ictimai fəallığının artırılmasına dair fikir mübadiləsi aparılmışdır
Qəbələ, 11 iyul (AZƏRTAC). Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “Məcburi köçkün gənclərin ictimai fəallığının artırılması” layihəsi çərçivəsində Qəbələ rayonunda məskunlaşmış məcburi köçkün gənclərlə görüş-seminar keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində keçirilən tədbirdə 60-a yaxın köçkün gənc iştirak etmişdir. Mərkəzin direktoru Qalib Nəbiyev layihə barədə məlumat verərək gənclərə dövlət qayğısından, Qəbələdə gənclərin iştirakı ilə aparılan quruculuq işlərindən, onların asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən söz açmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov qaçqın və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasəti haqqında danışmışdır. O, çıxışında “Qaçqın və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması” Dövlət Proqramının və bu qəbildən olan proqram və layihələrin əhəmiyyətindən bəhs etmişdir.
Tədbirdə çıxış edən qaçqın və məcburi köçkün gənclər onlara Prezident İlham Əliyev tərəfindən daim diqqət və qayğı göstərildiyini, gənclərin ictimai fəallığının artırılması üçün vacib işlər görüldüyünü vurğulamış, qarşıdakı prezident seçkilərində Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini diqqətə çatdırmışlar.