SİYASƏT
Məcburi köçkünlər üçün iftar süfrəsi təşkil edilmişdir
Bakı, 15 avqust (AZƏRTAC). Avqustun 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə Dövlət İqtisad Universitetinin 4 nömrəli yataqxanasında baş verən yanğından zərər çəkmiş məcburi köçkünlər üçün iftar süfrəsi təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunmuşdur. Daha sonra iftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılmış, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanmışdır. Vurğulanmışdır ki, bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir.
Tədbirdə çadırlarda müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, yanmış yataqxanada təmir-bərpa işləri sürətlə davam etdirilir.
Sonda iftar süfrəsində iştirak edənlər təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.