RƏSMİ SƏNƏDLƏR
MƏCBURİ KÖÇKÜNLƏRİN ƏRZAQ TƏMİNATI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bəzi beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlərə yardımın dayandırılması nəticəsində onların ərzaq təminatında yaranmış vəziyyəti aradan qaldırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, 57 min nəfər məcburi köçkünün ərzaq təminatını ödəmək məqsədi ilə 2001-ci ilin avqust ayından başlayaraq hər ay Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin hesabına 906 milyon manat vəsaitin köçürülməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi onun hesabına daxil olan vəsait hesabına hər ay zəruri ərzaq mallarının norma üzrə alınmasını və təyinatı üzrə istifadəsini təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust 2001-ci il