MƏDƏNİYYƏT
“Mədəni gənclik” layihəsi çərçivəsində "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası nümayiş olunub
Bakı, 13 may, AZƏRTAC
“Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Mədəni gənclik” layihəsinə ilk ev sahibliyini edib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası nümayiş olunub.
Tamaşaçılar “çör-çöp yığan” müsyö Jordanla “şarlatan” Məstəli şahın əyləncəli və düşündürücü səhnələrini izləyiblər.
Tamaşa bitdikdən sonra izləyicilər kollektivlə görüşmək imkanı əldə ediblər. Onlar sorğuda iştirak edərək ən çox bəyəndikləri teatr, tamaşa, rejissor, aktyor və aktrisalar haqda fikirlərini bildiriblər.
Qeyd edək ki, layihənin məqsədi gənclərin incəsənətə marağının daha da artırılması, onların ölkənin mədəni həyatında fəal iştirakının təşviq edilməsi, bir sözlə “mədəni gəncliyin” formalaşdırılması, milli mədəniyyətimizə sahib çıxacaq gənclər profilinin yaradılmasıdır.