MƏDƏNİYYƏT
Mədəniyyət Mərkəzində “Bayraq mənliyimdir” adlı tədbir təşkil olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə “Bayraq mənliyimdir” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Cümhuriyyətimizin tarixindən danışılıb, bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız xalqımızın milli qürur mənbəyidir: “Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Bu bayrağı daim uca tutmaq isə hər bir azərbaycanlının borcudur”.
Tədbirin bədii hissəsində rəngarəng rəqslər, Vətənə, bayrağa həsr olunmuş şeirlər və mahnılar təqdim edilib.