MƏDƏNİYYƏT
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 25 noyabr, AZƏRTAC
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə aparılmış islahatlardan sonra müəssisənin qarşısında müəyyən olunmuş strateji vəzifələrdən biri onun mədəniyyət və incəsənət sahələri üzrə respublikada beyin mərkəzinə çevrilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün mərkəzin kollektivi tərəfindən müxtəlif istiqamətlərdə müvafiq tədbirlər və layihələr həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin mühüm fəaliyyət istiqamətlərindən biri respublikanın müxtəlif elm və ali təhsil müəssisələri, habelə peşə birlikləri və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasından ibarətdir. Olduqca vacib sahələrdən biri uşaq, musiqi və incəsənət məktəblərində tədris prosesinin təkmilləşməsi və bu müəssisələrə peşəkar mütəxəssislərin cəlb olunması, xüsusən də uşaq və yeniyetmələrin yaradıcılığa dair marağının artırılmasıdır. Bu mənada mərkəzin Azərbaycan Bəstəkar İttifaqı ilə əməkdaşlıq əlaqələri genişlənir. Azərbaycan Bəstəkar İttifaqında olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Mərkəzin əməkdaşı Səadət Təhmirazqızının Xalq Artisti Firəngiz Əlizadə ilə işgüzar görüşü keçirilib.
Görüş zamanı ölkə rəhbərliyinin dəstəyi sayəsində respublikamızda mədəniyyətin müşahidə olunan inkişaf haqqında və birgə görülə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb və birgə əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə müvafiq əməkdaşlığa dair razılıq əldə edilib.