CƏMİYYƏT
Media sahəsində fəaliyyət göstərən QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə müzakirə aparılıb
Bakı, 20 iyul, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə müzakirə aparılıb.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, son günlər media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş yayılması məsələsinin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Agentliyin İcraçı direktorunun müavini Emil Çaparlı və media sahəsində fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib.
Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov çıxışında bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla bərabər, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir.
Daha sonra çıxış edən QHT nümayəndələri keçirilən mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər. Bildirilib ki, hadisələr bizim hər kəsi narahat edir. Ailədaxili münasibətlər, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlərin həlli dövlətin diqqəti mərkəzindədir. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən ailələr bu məsələni diqqətdə saxlasınlar.
Çıxışlardan sonra mövzu qarşılıqlı diskussiya şəraitində davam edib.
Tədbirin yekununda mövzu ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir:
“İntihar mövzusu son zamanlar, demək olar ki, hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, gündəmdə olan mövzulardan biridir. Xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti narahat edir. İntiharın müxtəlif səbəbləri var. Bəzən insanlar öz qarşılarına gücü və potensialına uyğun olmayan məqsədlər qoyurlar. Müəyyən zaman keçdikdən sonra bu məqsədlərə çatmayanda və ya arzularını reallaşdıra bilməyəndə onlarda ruh düşkünlüyü yaranır və çıxış yolunu intiharda görürlər.
Bundan əlavə, televiziya və internet resurslarında nümayiş olunan əksər film və seriallarda, həmçinin cinayətlə bağlı verilişlərdə ölüm hadisələrinin motivlərinə geniş yer verilir. Bəzən intihar hadisəsi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. İnsanların sağlamlığına və təhlükəsizliyinə dair zorakılıq, intihar və s. bu kimi mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir. Öz təsdiqini tapmayan informasiyanın cəmiyyətə çatdırılması yanlış addım kimi qiymətləndirilir və qeyri-peşəkarlığın bariz nümunəsidir.
Dünya təcrübəsi və aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız kompleks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri isə bütövlükdə cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə təsirli olur. İntihar hallarına qarşı mübarizə və profilaktik tədbirlərə dəstək verilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvlərini, qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini və digər aidiyyəti qurumları aktiv olmağa və bu sahədə öz töhfələrini verməyə çağırırıq. Biz birlikdə güclüyük!”.