Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2023-cü il

№ 140

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 2 may
tarixli 140 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-3-cü maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) reyestrinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi məhkəmə ekspertlərinin siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.

1.3. Fərdi məlumatların Məhkəmə Ekspertlərinin Reyestrində (bundan sonra – Reyestr) toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2. Reyestrin aparılması qaydası

2.1. Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır.

2.2. Məhkəmə eksperti barədə bu Qaydaların 2.7.1-ci yarımbəndinin 1–13-cü abzaslarında və 2.7.2-ci yarımbəndinin 1–13-cü abzaslarında qeyd edilmiş məlumatlar məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanının rəhbərinin və ya onun müavininin imzaladığı müşayiət məktubu ilə onları təsdiq edən sənədlər əlavə edilməklə Reyestrə təqdim olunur.

2.3. Təqdim edilmiş məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması baxımından yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə dərhal Reyestrə daxil edilir.

2.4. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda, bu barədə dövlət orqanına müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar dövlət orqanı tərəfindən bildiriş alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.5. Çatışmazlıqlar dövlət orqanı tərəfindən bu Qaydaların 2.4-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Reyestrə daxil edilmək üçün təqdim olunmuş sənədlər müvafiq məktubla geri qaytarılır.

2.6. Reyestr üç bölmədən ibarətdir:

2.6.1. məhkəmə ekspertizası idarələrinin ekspertləri;

2.6.2. özəl məhkəmə ekspertləri;

2.6.3. məhkəmə eksperti şəhadətnaməsi ləğv edilmiş şəxslər.

2.7. Reyestrə daxil edilən məlumatlar aşağıdakılardır:

2.7.1. məhkəmə ekspertizası idarələrinin ekspertləri haqqında:

1. məhkəmə ekspertizası idarəsinin adı;

2. məhkəmə ekspertizası idarəsinin hüquqi ünvanı;

3. məhkəmə ekspertizası idarəsinin elektron poçt ünvanı;

4. məhkəmə ekspertinin soyadı, adı və atasının adı;

5. məhkəmə ekspertinin doğum tarixi (gün, ay, il), fotoşəkli (3x4 sm ölçüdə);

6. məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanının adı, şəhadətnamənin nömrəsi, verildiyi tarix;

7. məhkəmə ekspertizası idarəsində təcrübə keçməsi barədə məlumat (təcrübə keçdiyi məhkəmə ekspertizası idarəsinin adı və təcrübə keçdiyi müddət);

8. məhkəmə ekspertizası ixtisası (ixtisasları) və məhkəmə ekspertinin ixtisas dərəcəsi (ixtisas dərəcəsinin verilməsini təsdiq edən sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

9. məhkəmə eksperti kimi fəaliyyət göstərdiyi müddət;

10. məhkəmə ekspertinin təhsili (təhsil müəssisəsinin adı, təhsil haqqında sənədin nömrəsi və verildiyi tarix, aldığı ixtisas), habelə elmi dərəcəsi, elmi adı (elmi dərəcəni, elmi adı təsdiq edən sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

11. məhkəmə ekspertinin ixtisasının artırılması barədə məlumat (ixtisasını artırdığı müəssisənin adı və ixtisasını artırdığı dövr, ixtisasını artırmasını təsdiq edən sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

12. məhkəmə ekspertinin sonuncu dəfə attestasiya olunduğu tarix və nəticəsi (olduğu halda);

13. məhkəmə ekspertinin intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat (olduğu halda);

14. məhkəmə ekspertinin Reyestrə daxil edildiyi tarix və qeydiyyat nömrəsi;

2.7.2. özəl məhkəmə ekspertləri haqqında:

1. məhkəmə ekspertinin soyadı, adı və atasının adı;

2. məhkəmə ekspertinin doğum tarixi (gün, ay, il), fotoşəkli (3x4 sm ölçüdə);

3. məhkəmə ekspertinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

4. məhkəmə ekspertinin fəaliyyət göstərdiyi ünvan;

5. məhkəmə eksperti ilə əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı);

6. məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanının adı, şəhadətnamənin nömrəsi, verildiyi tarix;

7. məhkəmə ekspertinin Ədliyyə Nazirliyi tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməsi barədə məlumat (icbari təlimdə iştirakını təsdiq edən sənədin nömrəsi və verildiyi tarix);

8. məhkəmə ekspertizası ixtisası (ixtisasları);

9. məhkəmə ekspertinin təhsili (təhsil müəssisəsinin adı, təhsil haqqında sənədin nömrəsi və verildiyi tarix, aldığı ixtisas), habelə elmi dərəcəsi, elmi adı (elmi dərəcəni, elmi adı təsdiq edən sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

10. məhkəmə eksperti kimi fəaliyyət göstərdiyi müddət;

11. məhkəmə ekspertinin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədi (diplom, sertifikat və digər sənəd) verən qurumun adı, həmin sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

12. məhkəmə ekspertinin ixtisasının artırılması barədə məlumat (ixtisasını artırdığı müəssisənin adı və ixtisasını artırdığı dövr, ixtisasını artırmasını təsdiq edən sənədin nömrəsi və verildiyi tarix (olduğu halda);

13. məhkəmə ekspertinin sonuncu dəfə attestasiya olunduğu tarix və nəticəsi (olduğu halda);

14. məhkəmə ekspertinin Reyestrə daxil edildiyi tarix və qeydiyyat nömrəsi;

2.7.3. məhkəmə eksperti şəhadətnaməsi ləğv edilmiş şəxslər barədə Reyestrə bu Qaydaların 2.7.1-ci və 2.7.2-ci yarımbəndlərində qeyd edilmiş məlumatlarla yanaşı, aşağıdakı məlumatlar daxil edilir:

1. məhkəmə eksperti şəhadətnaməsinin ləğv edildiyi tarix;

2. məhkəmə eksperti şəhadətnaməsini ləğv edən dövlət orqanının adı;

3. məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsinin əsası.

2.8. Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanı və ya özəl məhkəmə eksperti dəyişikliyin baş verdiyi gündən 5 (beş) iş günü müddətində təsdiqedici sənədləri əlavə etməklə Ədliyyə Nazirliyinə müraciət edir.

2.9. Bu Qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş müraciət Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində dəyişiklik Reyestrə daxil edilir.

2.10. Reyestrə daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki və digər səhvlər aşkar edildikdə, həmin səhvlər məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanının və ya özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin öz təşəbbüsü ilə 1 (bir) iş günü müddətində aradan qaldırılır.

2.11. Məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanı məhkəmə ekspertinin şəhadətnaməsi ləğv edildikdən 1 (bir) iş günü müddətində bu barədə məlumatı təsdiqedici sənədləri əlavə etməklə Ədliyyə Nazirliyinə təqdim edir.

2.12. Məhkəmə ekspertinin şəhadətnaməsinin ləğv edilməsi barədə məlumat Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində məhkəmə ekspertinin adı Reyestrin müvafiq bölməsindən çıxarılaraq, “Məhkəmə eksperti şəhadətnaməsi ləğv edilmiş şəxslər” bölməsinə daxil edilir.

3. Reyestrdən məlumatların əldə edilməsi

3.1. Reyestr açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

3.2. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icra olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin