MƏDƏNİYYƏT
“Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” üzrə dövlət standartı qüvvəyə minmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Komitəsi tərəfindən hazırlanmış və Dövlət Komitəsinin müvafiq əmri ilə təsdiq edilmiş AZS 755-2014 nömrəli “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” üzrə dövlət standartı qüvvəyə minmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” üzrə dövlət standartının əsas məqsədi yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaqdır.
Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə edilmişdir.