ELM VƏ TƏHSİL
Məktəblilər arasında keçirilən fənn müsabiqələri yekunlaşıb
Bakı, 8 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də müsabiqə qalibləri mükafatlandırılacaqlar. Həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlərə hədiyyələr veriləcək.
Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən üç nəfər olmaqla doqquz şagirddən ibarət komanda ilə bilik yarışına qatılıblar.
Fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə Bakı və Sumqayıtın 29 məktəbindən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən məktəblər VII, VIII və IX siniflərin hər birindən üç nəfər olmaqla doqquz şagirddən ibarət komanda ilə təmsil olunublar.
Fizika-riyaziyyat və informatika, kimya və biologiya təmayüllü liseylərdə üç mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.