REGİONLAR
Məktəblilər arasında keçirilən “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqələri başa çatıb
Naxçıvan, 24 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında keçirilən STEAM layihələrindən ibarət növbəti “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqələri başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqələrə start verilməmişdən əvvəl Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamına əsasən bu günədək 56 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması işləri davam etdirilir, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq tədbirləri görülür, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi yaradılır.
Qeyd olunub ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli STEAM təlimçiləri və beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən 325 müəllimə təlimlər keçirilib. Eyni zamanda, STEAM dərslərinin tədrisi üçün nazirlik tərəfindən qısa müddətdə 7 kitab çap olunub, müəllim və şagirdlərin istifadəsinə verilib.
Rəhman Məmmədov STEAM təhsilinin əhəmiyyətindən danışaraq bildirib ki, hədəf şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək, əldə olunan biliklər vasitəsilə layihələr hazırlamaq və fənlərin daha dərindən mənimsədilməsinə nail olmaqdır. Artıq şagirdlər yaradılan imkanlardan səmərəli istifadə edərək muxtar respublika və ölkə səviyyəli yarışlarda öz layihələri ilə iştirak edir və uğurlu nəticələr qazanırlar. VII sinif şagirdlərindən ibarət komandalar may ayında Bakı şəhərində keçiriləcək “Teknofest - 2022” festivalında iştirak etmək üçün hazırladıqları layihələrlə qeydiyyatdan keçiblər. 2021-2022-ci tədris ilində STEAM təhsili metodu ilə bu günədək “Robotunu yarat”, “Xətt izləyən robot” və “Mancanaq robot” müsabiqəsi keçirilib. Bugünkü müsabiqələr şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, iyun ayında keçiriləcək “STEAM təhsil” festivalına hazırlıq məqsədi daşıyır. Təhsil naziri müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Nazirliyin Tədris-innovasiyalar sektorunun müdiri Murad Babayev bildirib ki, müsabiqələrdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən sosial texnologiyalar üzrə 55, “Lego Sumo” üzrə isə 27 komanda iştirak edib. Sosial texnologiyalar üzrə 90 şagirdin 65 layihəsi, “Lego Sumo” üzrə isə 54 şagirdin 30 Sumo robotu nümayiş olunub.
Sonra şagirdlər komanda şəklində hazırladıqları layihələri təqdim ediblər. Təqdimatlardan sonra “Lego Sumo” müsabiqəsinə start verilib.
Yarışın nəticələrinə əsasən, “Lego Sumo” müsabiqəsinin qalibi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, “Sosial texnologiyalar” müsabiqəsinin qalibi isə Şahbuz rayon 1 nömrəli tam orta məktəb olub.
Sonda qaliblərə, müsabiqələrdə II-III yerlərə layiq görülən komandalara diplom və medallar təqdim edilib.