REGİONLAR
Məktəblilər bitkilərin mikroklonal çoxaltma üsulu ilə yetişdirilməsi prosesini izləyiblər VİDEO
Quba, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda məktəblilərə müxtəlif bitkilərin mikroklonal çoxaltma üsulu tətbiq edilməklə yetişdirilməsi prosesi izah olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yuxarı sinif şagirdləri institutun biotexnologiya laboratoriyasındakı iqlim otağında mütəxəssislərin fəaliyyəti ilə yaxından tanış olublar.
İnstitutla tanışlıq məktəblilərin aqrar sahəyə marağının artırılması, bu istiqamətdə tətbiq olunan yeniliklərdən xəbərdar olması məqsədi daşıyır.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricidən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Laboratoriyasının direktoru Sevil Süleymanova bildirib ki, biotexnologiya laboratoriyasının sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək.
Məktəblilərin instituta tanışlıq məqsədilə səfərləri bundan sonra mütəmadi təşkil olunacaq.