ELM VƏ TƏHSİL
Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı şəhərindəki ümumtəhsil, lisey, gimnaziya və internat məktəbləri şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ekskursiyalar bu qurumun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılaşması əsasında təşkil edilib. Məqsəd məktəblilərin Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etmələrinə nail olmaqdır.
Tədris ili boyunca təşkil edilən ekskursiyalarda şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı karvansaraları, Qoşa Qala qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır.
Qeyd edək ki, təsdiq olunmuş qrafikə uyğun keçirilən ekskursiyalar tədris ilinin sonuna qədər davam edəcək.