ELM VƏ TƏHSİL
Məktəblilərin yanvar-fevral aylarında idman sahəsində əldə etdiyi nailiyyətlər
Bakı, 4 mart, AZƏRTAC
Yanvar-fevral aylarında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən boks (yeniyetmə və gənclər), qılıncoynatma, həndbol, şahmat, yunan-Roma, ağır atletika idman növləri üzrə respublika yarışları keçirilib. Həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 1049 idmançı qatılıb. Onlardan 102 nəfəri qızıl, 102 nəfəri gümüş, 140 nəfəri isə bürünc medala layiq görülüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iki ay ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən keçirilən 15 idman növü üzrə respublika yarışlarına uşaq-gənclər idman-şahmat məktəblərindən 925 idmançı qatılıb. Yarışlardan 97 qızıl, 98 gümüş, 119 bürünc olmaqla ümumilikdə 314 medal qazanılıb.
Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları yanvar-fevral aylarında sərbəst güləş, cüdo, taekvondo, batut gimnastikası idman növləri üzrə keçirilən Dünya Kuboku, Avropa birinciliyi turniri və Qran-Pri yarışlarında Azərbaycan milli komandalarının tərkibində 6 qızıl, 6 gümüş, 9 bürünc olmaqla 21 medal qazanıblar.
2022-ci ilin yanvar-fevral aylarında uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idman ustalıqlarının artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 15 idman növü üzrə 31 sayda kütləvi idman tədbiri keçirilib. Bu tədbirlərdə 4 min nəfərə yaxın idmançı iştirak edib.