ELM VƏ TƏHSİL
MƏLEYKƏ ABBASZADƏ: MƏQSƏDİMİZ BOLONYA TƏHSİL SİSTEMİNƏ İNTEQRASİYA ETMƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə fevralın 12-dən 19-dək Fransada işgüzar səfərdə olmuşdur.
M.Abbaszadə səfərinin yekunları barədə AZƏRTAC-a müsahibəsində demişdir:
-Bilikləri Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsi YUNESKO-da ənənəvi olaraq hər il öz konfransını keçirir. Komitənin üzvü olduğuma görə konfransda iştirak etmək üçün Fransaya dəvət olundum. Tədbirdə gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı və komitə üzvlərinin vəzifələri müəyyənləşdirildi. Mənə YUNESKO ilə Bilikləri Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya arasında əlaqələr üzrə komitəyə rəhbərlik həvalə olundu. Konfransda, həmçinin assosiasiyaya yeni ölkələrin və mütəxəssislərin qəbulu ilə məşğul olan komitəyə üzv seçildim.
Səfərimin əsas məqsədi dövlətimiz tərəfindən ötən il Fransaya ali təhsil almağa göndərilmiş tələbələrin təhsili və yaşayış şəraitini öyrənməkdən, bu ölkədə təhsil sistemində həyata keçirilən islahatlar, Bolonya təhsil sisteminə inteqrasiya istiqamətində Fransanın ali təhsil sistemində hansı tədbirlərin həyata keçirildiyi ilə yaxından tanış olmaq idi.
Səfər çərçivəsində Fransa Təhsil Nazirliyinin sənaye texnikası və elmlər qrupunun duayeni Lak Perrən, Lui Le Qran liseyinin təmsilçisi Loel Vallat, beynəlxalq işlər direktorunun müavini və Avropa departamentinin rəhbəri Jan-Pol Rumeqas, Pyer və Mari Küri Universitetinin unversitetlər üzrə əlaqələndiricisi, xüsusi müşavir Jilbert Bereziat ilə görüşlərimdə həmin ölkənin təhsil sistemi barədə ətraflı məlumat əldə etdim, həmçinin təhsil sahəsində əlaqələrimizin inkişafı barədə müzakirələr apardıq.
Azərbaycanda təhsilə xüsusi qayğı göstərən ölkəmizin Prezidentinin gənclərin xarici ölkələrdə dövlət hesabına təhsil almaları ilə bağlı müvafiq Fərmanına uyğun olaraq ötən il abituriyentlər arasında dil öyrənmək sahəsində istedadlı gəncləri seçərək Fransanın Bezanson şəhərindəki universitetə göndərdik. Bezansonda olarkən həmin tələbələrin təhsili ilə yaxından maraqlandım. Universitet rəsmilərindən Anne-Mari Stimplinq , Reji Krəstən, Mişel Lakal və intensiv kursların müəllimi Danyel Laport ilə görüşlər zamanı həmsöhbətlərim tələbələrimizin dörd ay ərzində dil sahəsində yaxşı nəticələr əldə etmələrini xüsusi vurğulamış, onların bilik səviyyələrini yüksək qiymətləndirmişlər.
Sonda Azərbaycan Prezidentinin təhsillə bağlı yeni imzaladığı Sərəncamı xüsusi qeyd etmək istəyirəm. Sərəncamda Azərbaycan ilə Avropa universitetləri arasında müvafiq müqavilələr imzalanması və münasibətlər qurulması təhsil işçilərinin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Bu isə özlüyündə təhsilimizin Bolonya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi deməkdir. Bu nöqteyi-nəzərdən həmin universitetlərdə görüşlər və aparılan danışıqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatlara töhfələr verir, müxtəlif ölkələrdə tətbiq olunan üsullardan istifadə edilməsinə şərait yaradır.