RƏSMİ SƏNƏDLƏR
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI SAHƏSİNDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmə sistemini təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2006-cı il.