CƏMİYYƏT
“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi davam edir
Bakı, 13 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə tədbirlər davam etdirilir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir aprelin 13-də Xətai rayonunda yerləşən 56 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və onların valideynləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova ölkədə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti ilə bağlı məlumat verərək, Komitənin qeyd olunan hər üç istiqamətdə mütəmadi olaraq cəmiyyət üzvləri arasında bir çox layihələr həyata keçirdiyini vurğulayıb. Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği, erkən nikah və qan qohumluğu əsasında yaranan nikahların yaratdığı fəsadlar, internet təhlükəsizliyi, zərərli vərdişlərə qarşı mübarizə kimi mövzulara toxunan G.Məmmədova valideynləri daha diqqətli olmağa, mövcud problemlərlə bağlı vaxtında mütəxəssislərə müraciət etməyə səsləyib.
Tədbirdə valideynlərin hüquqi məsələlərlə bağlı sualları Komitənin ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov tərəfindən cavablandırılıb.
Sonda “Azərbaycan ailəsi” film festivalına təqdim olunan və layihə çərçivəsində maarifləndirmə əhəmiyyəti olan filmlər nümayiş olunub. Məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan və çap olunan maarifləndirmə vəsaitləri, kitablar təqdim olunub.