MƏDƏNİYYƏT
“Mənim qarmonum” – “Artım”da nümayiş ediləcək yeni film belə adlanır
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 7-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında “Periferik genişlənmə” sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın “Mənim qarmonum” sənədli filmi nümayiş ediləcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, ekran əsərinin nümayişindən sonra onun qəhrəmanı canlı olaraq qarmonda ifa edəcək.
Film 10 yaşlı Sabirin arzusundan bəhs edir. O, məcburi köçkün ailəsində anadan olub. Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri qatar stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.
Sabirin akkordeona ehtiyacı var. Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür. Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir. Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.