CƏMİYYƏT
Menopauza dövründə yaranan patologiyaların səbəbləri
Bakı, 8 oktyabr, AZƏRTAC
Postmenopauzada qanlı ifrazat bir neçə səbəbdən görünə bilər. Menopauza dövründə orqanizmdə gedən hormonal dəyişikliklərlə bağlı olaraq uşaqlıq yolu divarlarında quruluq müşahidə olunur. Buna görə də uşaqlıq yolu divarları hər hansı bir travmaya qarşı daha həssas olur. Bu zaman sadədən mürəkkəbə prinsipini əsas tutaraq ilk növbədə travma amilini istisna etmək lazımdır. Qanlı ifrazatın digər səbəbi isə uşaqlıq boynu xəstəlikləri yaxud uşaqlıq boynunda müşahidə olunan törəmələr ola bilər ki, bunlar da uşaqlıq boynu eroziv prosesleri, uşaqlıq boynu polipləridir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Caspian International Hospital”ın mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Vəfa Hüseynzadə məlumat verib.
Həkimin sözlərinə görə, eyni zamanda, endometriumun polipləri, endometriumun digər hiperplastik prosesləri və submukoz düyünlər də qanlı ifrazatın səbəblərindən ola bilər: “Lakin, menopauza dövründə qanlı ifrazatın görünməsi təhlükəli bədxassəli xəstəliklərin simptomu kimi özünü göstərə bilər. Buna görə də qanlı ifrazat görüldüyü zaman təxirə salmadan ginekoloqa müraciət olunmalıdır və tam müayinə aparılmalıdır. Endometriumun və uşaqlıq boynunun onkoloji xəstəliklərinin diaqnostikası çox asanlıqla aparılır. Bunun üçün xəstə, ilk növbədə, güzgülərlə müayinə, daha sonra kolposkopik müayinədən keçirilir, kolpofotogramma çəkilir. Lazım olduğu təqdirdə isə uşaqlıq boynundan PAP test (PAP Smear) götürülür. Bu müayinələrin cavabı əsasında uşaqlıq boynundan biopsiyası aparıla, uşaqlıq boynundan və servikal kanaldan qaşıntı materialları götürülüb histoloji müayinəyə göndərilə bilər. Postmenopauzada olan qadınlarda qanlı ifrazatın görünməsi reproduktiv dövrdə olan cavan qadınlarda müşahidə olunan qanlı ifrazatlardan fərqli olaraq daha ciddi səbəblərə söykənə bilər. Odur ki, bu cür vəziyyətlər istər qadınlar istərsə də həkim ginekoloqlardan daha diqqətli və ehtiyatlı olmağı tələb edir”.