DÜNYA
Merilin Monronun intihar yazıları hərraca çıxarılacaqdır
Bakı, 2 aprel (AZƏRTAC). ABŞ-ın Nyu-York şəhərində məşhur şəxslərin, o cümlədən aktrisa Merilin Monronun 250-dən artıq məktubu hərraca çıxarılacaqdır.
Adının çəkilməsini istəməyən amerikalı kolleksiyaçı məktub və sənədləri onlayn hərraca çıxarmışdır. Məktub və sənədlərin müəllifləri arasında Conn Lennon və Duayt Eyzenhauer də vardır.
Hollivudun əfsanəvi aktrisası Merilin Monronun məktublarından biri onun aktyor sənəti üzrə müəllimi Li Strasberqə ünvanlanmışdır.
Otuz altı yaşında həyatla faciəli şəkildə vidalaşan aktrisa yazmışdır ki, həyata olan eşqim zəifləyir. Artıq dözə bilmirəm. Bilirəm dəliyə, çılğına bənzəyirəm. Amma həqiqətən də ağlımı itirməyə başladığımı hiss edirəm. Mənə belə gəlir ki, kamera qarşısında duran kimi fikrim dağılır, bildiyim hər şeyi unuduram. Bundan sonra isə, ümumiyyətlə, var olduğumu sanmıram.
Monronun məktubunun ilkin satış qiyməti 50 min dollardır.
Mayın 30-da keçiriləcək hərracda satılacaq məktub, yazı və sənədlər aprelin 8-dən 16-dək Nyu-Yorkdakı “Duqlas Elliman” qalereyasında sərgilənəcəkdir.