İQTİSADİYYAT
Mərkəzi Bank üçün yeni bina tikiləcəkdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Mərkəzi Bankın yeni inzibati bina kompleksinin inşa edilməsi üçün Heydər Əliyev prospektində torpaq sahəsi ayrılmışdır.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilmişdir ki, qurumun hazırkı inzibati binası 1998-ci ildə tikilərək istifadəyə verilmişdir. O dövrdə müasir dizayn və infrastruktura uyğun bina 200 nəfər əməkdaş üçün nəzərdə tutulmuşdu. Ötən dövr ərzində sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının miqyası böyümüş, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasının daha da dərinləşməsi də nəzərə alınmaqla Mərkəzi Bankın fəaliyyət dairəsi genişlənmiş, yeni idarəetmə, funksional infrastruktur vahidlərinin yaradılması və inkişafı zərurətə çevrilmışdır. Mərkəzi Bankda yeni idarəetmə vahidləri - Tədqiqatlar və İnkişaf Mərkəzi, Kredit Reyestri Xidməti, kommunikasiya və strateji idarəetmə problemləri ilə məşğul olan departamentlər fəaliyyətə başlamışdır. Təsadüfi deyildir ki, ötən dövr ərzində qurumun əməkdaşlarının sayı artaraq 500 nəfəri ötmüşdür. Bu rəqəmin gələcəkdə daha da artması gözlənilir. Məhz bu səbəblərdən də Mərkəzi Bankın yeni binasının inşa edilməsi zərurəti yaranmışdır.
Yeni inzibati binanın inşası üçün bir sıra tanınmış şirkətlər müasir texnologiyaları özündə əks etdirən konsepsiyalar təqdim etmiş, məşhur Avropa memarlıq şirkətlərinin həyata keçirdiyi layihələr öyrənilmişdir. Araşdırmaların nəticəsi olaraq Mərkəzi Bankın yeni binasının layihələşdirilməsini həyata keçirmək üçün dünyada məşhur, Avropa Mərkəzi Bankının yeni inzibati binası layihəsini gerçəkləşdirmiş Avstriyanın “COOPHIMMELB (l)AU” şirkəti seçilmişdir.
Binanın layihələndirilməsi zamanı müasirlik, xarici görünüşün nadirliyi ilə yanaşı, binanın çoxmərtəbəliliyi kimi meyarlar rəhbər tutulmuşdur. Miqyası sürətlə artan ölkə iqtisadiyyatının nağd pula tələbatı sürətlə artırması nəzərə alınaraq beynəlxalq standartlı “Xəzinə mərkəzi”nin yaradılması da layihədə nəzərə alınacaqdır. Eyni zamanda, qızıl hasilatının başlanması və onun gələcəkdə artması proqnozları ölkənin qızıl ehtiyatlarının saxlanmasını zəruri edir və bu, yeni binada öz həllini tapacaqdır.
Hazırda yeni inzibati bina layihələşmə mərhələsindədir.