ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Britaniya kitabxanasının təcrübəsi tətbiq olunacaq
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallıqda səfərdə olub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi bu elm müəssisəsinin sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, o cümlədən Mərkəzi Elmi Kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması idi.
Səfər çərçivəsində Britaniya Kitabxanasının London və York şəhərlərindəki bölmələrində bir sıra görüşlər keçirilib.
MEK-in nümayəndələri bu kitabxanaların kataloq və elektron məlumat bazalarının əlaqələndirilməsi, müxtəlif formatlarda daxil olan informasiyanın qeydiyyata salınması, çap və elektron variantda nüsxələrə əlyetərliliyin təmin edilməsi, kataloqlaşdırma və rəqəmsallaşdırma təcrübəsi, o cümlədən kitabxanaların fəaliyyət istiqamətləri ilə tanış olublar. Eyni zamanda, müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturu və işçi heyəti üçün peşə standartları ilə tanış olublar.
Səfər zamanı Azərbaycanın dünyanın ikinci ən böyük kitabxanasında təmsil olunması böyük maraqla qarşılanıb. Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə edilməsi, əməkdaşlıq çərçivəsində MEK-dən kitabların oraya göndərilməsi, ölkəmizdə qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.