MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ NÜMUNƏVİ ƏSASNAMƏSİ
1. Mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra - Orqan) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.
2. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmin Orqan haqqında Əsasnaməni rəhbər tutur.
3. Orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Orqan müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Orqanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Orqan Bakı şəhərində yerləşir.
II. Orqanın fəaliyyət istiqamətləri
7. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Orqanın vəzifələri
8. Orqan, həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
8.6. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.8. müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;
8.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.10. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.11. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək;
8.14. Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.15. Orqanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Orqanın hüquqları
9. Orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Orqanın fəaliyyətinin təşkili
10. Orqanın mərkəzi aparatı və onun strukturuna daxil olan yerli və digər qurumları Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Orqanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orqanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Orqan tərəfindən müəyyən edilir.
12. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Orqanın rəhbərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.
Orqanın rəhbərinin müavini ona Orqanın rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yeririr və bunun üçün şəxsən məsuliyyət daşıyır.
14. Orqanın rəhbəri:
14.1. Orqanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Orqanın mərkəzi aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Orqanın yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Orqanın mərkəzi aparatının işçilərini, yerli və digər qurumlarının rəhbərlərini və ya həmin qurumların rəhbərləri ilə yanaşı, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Orqanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Orqanı təmsil edir.
15. Orqanda Orqanın rəhbərindən (kollegiyanın sədri), onun müavinindən (müavinlərindən), Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının (əgər vardırsa) rəhbərindən və Orqanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Orqanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Orqanın kollegiyası öz iclaslarında Orqanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. Orqanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Orqanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Orqanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Orqanın kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Orqanın rəhbəri tərəfindən təsdiq edilir.
20. Orqanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Orqanın rəhbəri bu barədə bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Orqanın kollegiyasının üzvləri şəxsi fikirlərini bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Orqanın kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Orqanda ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə Orqanın rəhbəri tərəfindən təsdiq edilir.