CƏMİYYƏT
Mərkəzləşdirilmiş elektron informasiya sistemi və “e-sosial” internet portalının əsasnamələri təsdiq edilib
Bakı, 15 aprel, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamədə bildirilir ki, “e-sosial” internet portalı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində formalaşan məlumatlar əsasında məşğulluq, əmək, sosial müdafiə və sosial təminat, habelə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron qaydada təqdim olunmasını, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir.
Müvafiq sahədə vətəndaşlar barəsində məlumatların elektron qaydada yoxlanılması mümkün olduqda portal xidmətləri onların vətəndaşlara hüquqlarının yarandığı an təqdim edilməsini və onların bu barədə məlumatlandırılmasını nəzərdə tutan proaktiv formada həyata keçirir.