CƏMİYYƏT
Məryəm Məcidova: 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülüyün inkişafına mühüm töhfə verəcək
Bakı, 10 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu Sərəncam Azərbaycan vətəndaşlarında, xüsusən gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına, onların fəallıqlarının, bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına, gənclərin potensialının, bilik və bacarıqlarının ən yüksək səviyyəyə çatdırılmasına geniş imkanlar açacaq. Ən əsası, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın respublika ərazisində geniş vüsət almasında mühüm rol oynayacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova deyib.
Ötən il 5 dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş “Könüllülük həftəsi”nin ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoymasının və böyük potensialının göstəricisi olduğunu vurğulayan M.Məcidova bildirib: “Könüllülük həftəsi”ndə ölkəmizdə könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirildi. Belə ki, Azərbaycan kimi gənc respublikada könüllülük və sosial rifah yolunda görülən işlər, əldə edilən nəticələr təqdirəlayiqdir. Önümüzdə “Könüllülər ili” ərzində də bu işlər geniş vüsət alacaq və daha çox insana xidmət edəcək. Bu işlərdə sıralarımıza qoşulan könüllülərin əməyi əvəzsizdir. Gənclər Təşkilatları Milli Şurası ölkədə gənclər təşkilatlarının vahid koordinasiya mərkəzi olmaqla bu qurumların əlaqəli inkişafında və sosial fəaliyyətlərinin genişləndirilməsində vacib rol oynayır. Şura könüllülük hərəkatının geniş vüsət alması üçün daim gəncləri dəstəkləyir. Təşkilatımız “Könüllülər ili”ndə bu sahədə daha çox layihənin həyata keçirilməsinə və ölkəmizdə könüllülüyün inkişafına töhfə verməyə çalışacaq”.