İQTİSADİYYAT
Metronun “Elmlər Akademiyası” stansiyasının elektrik yarımstansiyasında yenidənqurma işləri davam etdirilir
Bakı, 4 iyul, AZƏRTAC
Dövlət proqramına uyğun olaraq, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May” metro stansiyasından sonra ikinci giriş-çıxışla təmin ediləcək daha bir dərin özüllü stansiya “Elmlər Akademiyası” olacaq. İnşaat işləri çərçivəsində buradakı elektrik yarımstansiyasının yenidən qurulması davam etdirilir.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarımstansiyanın avadanlıq və sistemlərlə təchizatında yaxından iştirak edən “Pluton” şirkətinin baş direktoru Dmitri Ovsyaniker və kommersiya direktoru Yuri Voloşin metropoliteninə gələrək, qarşıdakı mərhələ ilə bağlı vəzifələri müzakirə edib, həm də vəziyyəti yerində qiymətləndiriblər.
Qeyd edək ki, yarımstansiyada 10 kilovolt, 825 volt, 380 və 220 voltluq paylayıcı quruluşlar, 3 düzləndirici aqreqat, 2 güc və 2 işıqlanma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Onların hər biri mikroprosessor sistemli müasir avadanlıqlardır. Əsas avadanlıqların quraşdırılması başa çatdığı üçün diqqət sistemlərin quraşdırılma dəqiqliyi, mexanizmlərin etibarlı proqram təminatı baxımından avtomatika və avtoteleidarəetmə sistemlərinin təminatına yönəlib.
Plana müvafiq şəkildə yarımstansiyada təchizatla bağlı son tədbirlərin görülməsi başlanıb. Kabellərin əsas daşınma sahəsi olacaq şaxtada son işlər başa çatdırılıb. Yarımstansiya üçün planlaşdırılmış müxtəlif kabellər gətirilərək, işə başlanıb. Birinci mərhələdə işıqlanma sistemi üçün kabelləşmə başa çatmaq üzrədir. Daha sonra müxtəlif gərginlikli kabellər, müvafiq sistemə uyğun şəkildə çəkiləcək.