CƏMİYYƏT
Meyn ştatındakı icmamız təcavüzkar Ermənistana qarşı təzyiqlərin gücləndirilməsini tələb edib
Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın Meyn ştatında yaşayan Azərbaycan icması sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Meyn-Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun imzası ilə yayılan bəyanatda Ermənistanın törətdiyi növbəti hərbi cinayət barədə ətraflı məlumat verilib. Meyn ştatında yaşayan Azərbaycan əsilli amerikalıların yaranmış durumdan narahat olduğu, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda məhz Ermənistan təcavüzə əl atıb. Belə davranış isə Cənubi Qafqaz bölgəsində aparılan normallaşma və sülh prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışmasının növbəti bariz göstəricisidir.
Azərbaycan icması beynəlxalq təşkilatlardan Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini tələb edib.