REGİONLAR
Mikayıl Müşfiqin xatirə muzeyinin ətrafında yaşıllıq zolağı salınıb VİDEO
Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin ətrafında 250-dən çox ağac və gül kolları əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə kampaniyası “Cabir Novruz” Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Ağacəkmə kampaniyasından əvvəl aksiya iştirakçıları XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısındakı büstü önünə gül dəstələri düzərək xatirəsini anıblar.
Şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustasının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.
“Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov, yazıçı-publisist Müşfiq Cabiroğlu və başqaları çıxışlarında adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirlərinin yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəri olduğunu qeyd ediblər.
Muzey ətrafında salınan yaşıllıq zolağında əsasən rayonun təbii şəraitinə uyğun zeytun və iynəyarpaqlı ağac tingləri əkilib. Aksiyada Xızıda fəaliyyət göstərən idarə və müəssisələrin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qatılıb.