MİLLİ BİRLİK NAMİNƏ
Donetsk, 1 oktyabr (AZƏRTAC). Donetskdə, “Atlas” mehmanxanasında Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk regional təşkilatının üçüncü ildönümü münasibətilə UAK-ın geniş iclası olmuşdur. İclasda Donbasda işgüzar səfərdə olan Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev iştirak etmişdir.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən sonra UAK-ın Donetsk regional təşkilatının sədri İqbal Mahmudov çıxış etmişdir. Sonra qurumun İdarə heyətinin sədri Müşviq Vəliyev bu diaspor təşkilatının gördüyü işlərdən danışmışdır.
Bildirilmişdir ki, bacarıqlı sahibkar və hüquqşünas olan İqbal Mahmudov və onun komandası diasporumuzu fəal, sağlam və möhkəm təşkilata çevirə bilmişlər. Bu, təkcə həmvətənlərimizin deyil, həm də vilayət və şəhər rəhbərlərinin rəyidir. Səfir Tələt Əliyevin, UAK-ın sədri Akif Gülməmmədovun, türkiyəli qonaq Mustafa Dəmirəlin və başqa natiqlərin çıxışlarında İqbal Mahmudovun, onun həmfikirlərinin və diasporun sıravi üzvlərinin məhz bu nailiyyətləri vurğulanmışdır.
Səfir T.Əliyev Ukraynanın bütün regionlarından Donbasa toplaşmış həmvətənlərimizi milli birliyə nail olmaq və diaspor üzvlərinin sosial, hüquqi və humanitar məsələlərinin həlli üçün Donetskdə yaşayan azərbaycanlılardan nümunə götürməyə çağırmışdır.
Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna bölməsinin rəhbəri Möhlət Hüseynov, diasporun fəal üzvü Manaf İsgəndərov və başqaları iştirak etmişlər.
Elə həmin gün səfir Tələt Əliyev “King Town” Azərbaycan mətbəx-restoranının açılışında iştirak etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Donetsk