İQTİSADİYYAT
Milli Depozit Mərkəzinin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC). Milli Depozit Mərkəzi (MDM) səhmdarlarının 2013-2015-ci illər üzrə strateji planının müzakirəsinə həsr edilmiş ümumi yığıncağı keçirilmişdir.
MDM-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda qarşıdakı 3 il üçün qurumun strateji baxışı və missiyası müəyyən edilmişdir.
MDM-ın əsas inkişaf istiqamətinin "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına əsaslanaraq ikipilləli səviyyədə mərkəzləşdirilmiş post-ticarət təşkilatına çevrilməkdən ibarət olduğu yığıncağın qərarı ilə təsdiqlənmişdir.
İclasda bildirilmişdir ki, Dövlət Proqramında qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə dair digər məsələlərlə yanaşı, depozitar-uçot sisteminin, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsəd kimi müəyyən edilmişdir. Bunun nəticəsində depozitar-uçot sisteminin strukturu yenilənməli və ölkədə emissiya edilən bütün investisiya qiymətli kağızlarının mərkəzi depozitar sistemi yaradılmalı, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı sistemi sadələşdirilməlidir.
Dövlət Proqramında göstərildiyi kimi, ölkəmizdə fəaliyyət göstərəcək depozitar-uçot sisteminin yeni strukturu qiymətli kağızlar bazarının tənzimləyicisi tərəfindən müəyyən edilmişdir və son dövrün maliyyə böhranı nəticəsində təkmilləşdirilərək dünya təcrübəsində mövcud olan ən uğurlu sistemin təşkili üslublarına əsaslanaraq yaradılması nəzərdə tutulur. Yeni qaydalarla fəaliyyət göstərən bazar infrastrukturu beynəlxalq kapital bazarlarına çıxış imkanları yaradacaq və maliyyə inteqrasiyasının genişləndirilməsini təmin edəcəkdir.