MƏDƏNİYYƏT
Milli Kitab Mükafatının qaliblərinin adları açıqlanmışdır
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də “Əli və Nino” nəşriyyat evi tərəfindən təsis edilmiş Milli Kitab Mükafatının (MKM) qaliblərinin adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mükafat haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, 2012-ci il avqust 28-dən icrasına başlanılan müsabiqəyə 241 əsər daxil olmuşdur. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarın 86 yaşı olmuş, daha çox isə 20-25 yaşlı qələm sahibləri üstünlük təşkil etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycanın bütün bölgələrindən yazıçılar, həmçinin Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim etmişlər. Nəzərə çatdırılmışdır ki, 9 təhsil ocağında və 6 bölgədə MKM-in təqdimatı təşkil olunmuşdur.
Vurğulanmışdır ki, cari ilin martın 1-də ekspertlər şurası iyirmiliyə daxil olan əsərləri elan etmişlər, martın 15-də isə 10 əsərdən ibarət qısa siyahı tərtib edilmiş və münsiflər heyətinə təqdim olunmuşdur. MKM-nin münsiflər heyətinə tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələri daxildir.
Sonra son iki ildə dünyasını dəyişmiş yazıçıların xatirəsi yad edilmiş, onların fotoşəkillərindən ibarət slaydlar nümayiş olunmuşdur.
Daha sonra qaliblər mükafatlandırılmışlar. Mərhum yazıçı Zakir Sadatlı birinci, Pərvin Nurəliyeva ikinci və Malik Dursunov üçüncü mükafata layiq görülmüşlər.
Birinci yerin qalibi 3000, ikinci yeri tutan 2000, üçüncü yeri qazanan iştirakçı isə 1000 manat pul mükafatı almışdır.
Qaliblərin əsərləri həm kağız, həm də elektron formatda çap olunacaqdır.
Bunlardan əlavə Şəhriyar Del Gerani ən yaxşı gənc yazıçı, Əfsanə Laçın ən yaxşı uşaq nağılının müəllifi, Qəşəm Nəcəfzadə isə ən yaxşı şeir nominasiyalarında qalib elan edilmiş və onlara 300 manat məbləğində mükafat verilmişdir.
Milli Kitab Mükafatının əsas məqsədi ictimaiyyətin diqqətinin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, sanballı ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.
Layihəyə “Bakcell” şirkəti və “Bank Respublika” ASC maliyyə dəstəyi vermişlər.