CƏMİYYƏT
Milli Məclis “Qaz təchizatı haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik təsdiq edib
Bakı, 25 fevral, AZƏRTAC
“Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihələri Milli Məclisin fevralın 25-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.