SİYASƏT
MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİ YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALAR DÖVRÜNDƏ ÇOX MƏHSULDAR İŞLƏMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Milli Məclisin regional məsələlər komitəsi parlamentin yaz və növbədənkənar sessiyaları dövründə çox məhsuldar işləmiş, bələdiyyələrin fəaliyyətinin genişlənməsi və inkişafı ilə bağlı bir sıra mühüm qanun layihələri hazırlamışdır.
Bu barədə sentyabrın 16-da komitənin payız sessiyasının ilk iclasında məlumat verilmişdir.
İclasda komitənin ötən yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər və payız sessiyasında hazırlayacağı qanun layihələri müzakirə olunmuşdur.
Komitə sədri Arif Rəhimzadə demişdir ki, parlamentin 2009-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilmişdir. Bu iclaslarda 23 qanun layihəsinə baxılaraq Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur. Milli Məclisdə qəbul olunmuş qanunların bir qismi respublikanın müxtəlif rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi, bir qismi bələdiyyələrin birləşməsi, inkişafı və yeni bələdiyyələrin yaradılması ilə, bir qismi isə başqa sahələrlə əlaqədar olmuşdur.
Qəbul olunmuş qanunlar əsasında bələdiyyələrin birləşməsi həyata keçirilmiş və nəticədə 2757 bələdiyyədən 1718-i qalmışdır.
Prezident Administrasiyasının regional idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi rəisinin müavini Fazil Məmmədov qəbul olunmuş qanunlara, eləcə də bələdiyyələrin birləşməsinə münasibət bildirmişlər.
R.Həşimov demişdir ki, bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanlarının ərazilərinin, fəaliyyətinin genişlənməsinə və maliyyə imkanlarının artmasına səbəb olmuşdur.
Sonra komitənin 2009-cu il payız sessiyası üçün işlər planı müzakirə olunmuş, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır.
Bildirilmişdir ki, komitə payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklərlə bağlı yeni qanun layihələri hazırlayacaqdır.
Qanun layihəsi isə təsdiqlənmək üçün Milli Məclisin ümumi iclasının gündəliyinə tövsiyə olunmuşdur.