SİYASƏT
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirmişdir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxildir.
Sənədlərdə əməkdaşlığın formaları, o cümlədən fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, hava gəmilərindən istifadə edilməsi, müəssisələr və təşkilatlar arasında əməkdaşlıq, məlumatların istifadə edilməsi və digər məsələlər əksini tapmışdır.
Müzakirələrdə vurğulanmışdır ki, bu cür əməkdaşlıq Azərbaycanın artan nüfuzunun, uğurlu xarici siyasətinin göstəricisidir. Dövlətimizin milli maraqlarına və xarici siyasətinə tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır.
Bildirilmişdir ki, ölkəmizin bir çox dövlətlər ilə bu qəbildən olan sazişləri vardır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir sıra ölkələrdə fövqəladə halların aradan qaldırılmasında xeyli işlər görmüşdür.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olunmuşdur.