SİYASƏT
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirmişdir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxildir. Ziyafət Əsgərov diqqətə çatdırmışdır ki, Saziş 11 maddədən ibarətdir. Sənəddə axtarış və xilasetmə regionu, tərəflərin öhdəlikləri, birgə axtarış və xilasetmə zamanı əməl edilməli olan prosedurlar və digər məsələlər öz əksini tapmışdır. Saziş 5 il müddətinə bağlanır və tərəflərdən biri müddətin qurtarmasına 6 ay qalmış öz etirazını bildirmirsə, sənəd avtomatik olaraq yenidən 5 ilə qüvvəyə minir. Birinci vitse-spiker qeyd etmişdir ki, bu Sazişin Milli Məclisdə təsdiq olunması ilə biz bir daha Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi müstəvidə möhkəmləndirilməsinin şahidi olacağıq.
Çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Bəxtiyar Sadıqov, Elman Məmmədov sənəd barədə fikirlərini bildirmişlər. Qeyd olunmuşdur ki, bu Saziş təkcə fövqəladə halları deyil, bütün sahələri də əhatə edir. Yəni burada təkcə zəlzələnin yox, digər təbii fəlakətlərin nəticələrinin də aradan qaldırılması istiqamətində görülən işlər nəzərdə tutulmuşdur.
Deputatların fikirləri dinlənildikdən sonra Saziş Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilmişdir.