MƏDƏNİYYƏT
Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Bələdiyyə İşçiləri Həmkarlar İttifaqında 22 İyul - Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bugünkü uğurlarından, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına yaxından kömək göstərməsindən söz açılmışdır.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, kütləvi informasiya vasitələri (KİV) cəmiyyət həyatında xüsusi yer tutur. Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi, mətbuatın da dinamik inkişaf etdiyini deyən Ə.Babayev vurğulamışdır ki, dövlətimizin başçısı mətbuata gündəlik diqqət və qayğı göstərir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə ölkədə mediaya göstərilən diqqət və qayğını sistemli nümunələrdən biri kimi xarakterizə etmişdir. O, “Bələdiyyə həyatı” qəzetinin fəaliyyətindən ətraflı söhbət açaraq bildirmişdir ki, qəzet bələdiyyələrin fəaliyyətini işıqlandırmaqla yanaşı, onların maarifləndirilməsi işində də əhəmiyyətli rol oynayır. Natiq qəzetin bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə etmişdir.
M.Səlimzadə milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi” qəzetinin fəaliyyəti, onun jurnalistikamıza, mədəniyyətimizə verdiyi töhfələr barədə danışmışdır. Bildirmişdir ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Ötən dövrdə Azərbaycan jurnalistikası mürəkkəb, çətin, eyni zamanda şərəfli bir yol keçmişdir.
Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov, qəsəbə bələdiyyələrinin sədrləri jurnalistləri peşə bayramı münasibətilə təbrik etmiş, uğurlar arzulamışlar.
Sonda “Bələdiyyə həyatı” qəzetinin əməkdaşlarına, bir sıra KİV nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.