SİYASƏT
MİLLİ QHT FORUMUNDA POLŞANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN ƏMƏKDAŞI İLƏ GÖRÜŞ OLMUŞDUR
Bakı, 15 sentyabr (AZƏRTAC). Milli QHT Forumunda (MQF) Polşa Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Yan Brodovski ilə görüş keçirilmişdir.
Milli QHT Forumunun mətbuat xidmətindən bildirmişlər ki, MQF-nin prezidenti Rauf Zeyni qonağa bu qurumun yaranması, fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat vermişdir.
Görüşdə Polşada fəaliyyət göstərən QHT koalisiyaları və bütövlükdə vətəndaş cəmiyyətinin müvafiq qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi, beynəlxalq tərəfdaşlıq çərçivəsində birgə forumların, “dəyirmi masa”ların, qarşılıqlı səfərlərin təşkili və digər bu kimi məsələlər müzakirə olunmuşdur.
Yan Brodovski Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilməsini xüsusi vurğulamışdır. Azərbaycan ilə Polşa arasında münasibətlərin hərtərəfli inkişaf etdiyini bildirən diplomat, həmçinin ictimai sektorlar arasında geniş əlaqələrin qurulması və inkişafı istiqamətində təmsil etdiyi səfirlikdən asılı olan dəstəyi verməyə hazır olduqlarını bildirmişdir.
Polşalı diplomat Şərq Tərəfdaşlığı çərçivəsində, Vətəndaş Cəmiyyəti Forumunun proqramına uyğun olaraq geniş əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulamış və bu istiqamətdə hər iki ölkənin QHT-lərinin qarşılıqlı faydalı əməkdaşlığının ictimai münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.