CƏMİYYƏT
Milli Qurtuluş Günü Xüsusi Müalicə Sağlamlıq Kompleksində qeyd olunmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). Xüsusi Müalicə Sağlamlıq Kompleksində (XMSK) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kompleksin direktoru İxtiyar Sultanov 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır. Vurğulamışdır ki, rəhbərlik etdiyi kollektiv Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən İlham Əliyevi növbəti illərdə də Azərbaycanın prezidentlik kürsüsündə görmək istəyir.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Ulu Öndərin həkimlərə həmişə qayğı ilə yanaşdığını xatırlatmışdır. Bildirmişdir ki, növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini təkcə partiya üzvləri deyil, vətəndaşlarımızın əksəriyyəti dəstəkləyir.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.
Vurğulanmışdır ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Tədbirdə XMSK-nın YAP sıralarına qəbul olunmuş 45 işçisinə üzlük vəsiqələri təqdim edilmişdir.